Avrasiya Bilik Mərkəzinin Ekspert qrupu tərəfindən hazırlanıb
COVİD-19 pandemiyası bütün dünyada hökumətlərin ekstremal şəraitdə işləməyə hazırlıq səviyyəsini növbəti dəfə test etdi. Bundan əvvəlki böhranlarda olduğu kimi bu dəfə də hökumətlər təşəbbüsü ələ alaraq iqtisadiyyata müəyyən müdaxilələr etmək məcburiyyətində qalıblar. Xüsusilə ictimai sektorun keyfiyyəti, habelə institusional cəhətdən hazırlıq, hökumətə ciddi çağırış oldu. Pandemiya özü-özlüyündə fövqəladə vəziyyət olsa da, yaxşı idarəçilik prinsiplərinin bərqərar olduğu ölkələrdə yükün mühüm hissəsini effektiv idarəçilik sistemi çəkir. Dövlət isə resurslarını mobilizasiya edərək sistemə kömək edir. Yaxşı idarəçilik sistemi zəif işləyən və ya ümumiyyətlə işləməyən yerlərdə bütün yük mərkəzi hökumətin bu məqsədlə yaratdığı fövqəladə qurumların üzərinə düşür və təbii ki, yalnız inzibati resurslarla vəziyyəti effektiv idarə etmək olmur.
Yaxın tariximizdə qlobal maliyyə böhranının (2008-2009) və ucuz neftin (2014-2016) yaratdığı iqtisadi böhranlardan çətinliklə də çıxmış Azərbaycan mövcud “pandemiya böhranı”nda daha ağır sınaqla üz-üzə qalıb. Bir tərəfdən karantin tərbirləri çərçivəsində iqtisadi aktivliyin azalmasının dövlətin və əhalinin gəlirlərinə mənfi təsiri, digər tərəfdən dünya bazarlarında nefti ucuzlaşdırması səbəbindən neft gəlirlərinin kəskin azalması ölkə iqtisadiyyatına iki tərəfdən vurulan zərbə effekti yaradır. Bütün bunların fonunda BVF 2020-ci ildə Azərbaycan iqtisadiyyatında 2 faizlik, Dünya Bankı isə 2.6 faizlik azalma proqnozlaşdırıb. Artıq Dövlət Statistika Komitəsinin 2020-ci ilin birinci yarısında ümumi daxili məhsulun 2.7 faiz azaldığını açıqlayıb. 3 illik fasilədən sonra 2020-ci ilin birinci rübündə ölkənin tədiyə balansı yenidən mənfiyə keçib və bu, Azərbaycanda makroiqtisadi sabitliyin əsas qarantı olan milli valyutanın məzənnəsinin sabitliyin həssaslığını artırıb.
Azərbaycan hökuməti 19 mart 2020-ci il tarixində koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Tədbirlər Planı təsdiq etdi. Tədbirlər Planı çərçivəsində göstərilən dəstək 3 istiqaməti əhatə edir: 1) İqtisadi artima və sahibkarliğa dəstək; 2) Məşğulluq və sosial rifaha dəstək; 3) Makroiqtisadi və maliyyə sabitliyi. Tədbirlər Planının icası ilə bağlı ilkin olaraq 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1,5 milyard manata qədər vəsaitin ayrılması nəzərdə tutulub və ilin birinci yarısında 752 milyon manat həcmində vəsaitin maliyyələşdirilməsi artıq təmin olunub.
Tədbirlər Planına əsasən, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi dövlət tərəfindən ödənilib, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi edilib. İqtisadiyyat Nazirliyinin məlumatına görə, 28 iyul 2020-ci il tarixinə 215689 muzdlu işçiyə 97955,9 min manat ödənilib, 106765 fərdi sahibkarlara isə 63499,9 min manat məblğində maliyyə yardımı edilib. Sahibkarların kreditə çıxışının yaxşılaşdırılması üçün 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi və zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin 50%-nin dövlət büdcəsi hesabına subsidiyalaşdırılması tədbirlərinə başlanıb.
Avrasiya Bilik Mərkəzinin ekspertləri COVİD-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına neqativ təsirləri qiymətləndirərək araşdırma sənədi hazırlayıblar. Araşdırma əsasən 4 istiqamət üzrə aparılıb: 1) makroiqtisadi vəziyyət: 2) dövlət büdcəsi; 3) Dövlət Neft Fondu; 4) Dövlət Neft Şirkəti. Ekspertlər hər bir istiqamət üzrə təsirləri qiymətləndiriblər və sonda tövsiyələr təqdim ediblər.
SEE FILE