• Natural Resources for Sustainable Development in Eurasia.


Azərbaycanda ortamüddətli xərclər çərçivəsi mexanizminin effektiv tətbiqi üçün hüquqi-institusional imkanların və maneələrin qiymətləndirilməsi

03 Январь, 2019 261
Müəllif: Rövşən Ağayev, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin tədqiqatçısı Резюме : Hökumətlərin proqram və strategiyalarının icrası və nəticələrinin əldə olunması adətən uzun dövr tələb edir, 1 ildən daha çox müddət ərzində büdcə resurslarının istifadəsi sayəsində reallaşır. Odur ki, illik büdcələr gələcək dövrün xərclərini nəzərə ala bilmir, qərar qəbul edənlərin effektiv strateji planlaşdırma aparmasına imkan vermir. Siyasət qərarlarının qəbulunda və icrasındakı bu uyğunsuzluğu aradan Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) mexanizmindən istifadə edilir. OMXÇ ortamüddətli (bir qayda olaraq 3 il) dövrdə büdcənin planlanlaması və tərtibi ilə bağlı siyasət alətidir. O, “yuxarıda aşağı” resurs zərfinin makro səviyyədə müəyyən edilməsi, “aşağıdan yuxarıya” isə cari və ortamüddətli büdcə siyasəti üçün xərclərin həcminin dəyərləndirilməsidir. Azərbaycan qanunvericiliyində OMXÇ-nə verilən hüquqi izah belədir: Büdcə tərtibinin strateji mərhələsi olmaqla icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin prioritetləşdirilməsi, təqdim edilməsi və idarə olunması məqsədi ilə təşkil olunan, ortamüddətli resurs zərfinin və milli xərc prioritetlərinin uyğunlaşdırılmasını təmin edən institusional tədbirlərin məcmusudur. OMXÇ-nin reallaşdırılması təkcə uzunmüddətli büdcə planlaşdırmasına deyil, həmçinin sektorial siyasət prioritetlərinə uyğun büdcə xərclərinin ayrılması ilə fiskal intizam arasında əlaqəni təmin etmək baxımından da çox önəmlidir. Azərbaycanda OMXÇ-nin tətbiqi üçün hüquqi imkanlar: 1) Ölkə prezidentinin 6 dekabr 2016-cı il fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”. Sənədə görə, fiskal dayanıqlılığa nail olmaq üçün əsas prioritetlərdən biri kimi xərc/investisiya intizamının təminatı mexanizmin yaradılması nəzərdə tutulur və bu intizamın təminatında ən vacib mexanizmlərdən biri məhz OMXÇ-nin tətbiqidir. 2) Ölkə prezidentinin 24 avqust 2018-ci ildə fərmanı ilə təsdiqlənən “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”. Qaydaya əsasən, artıq 2021-ci ildən başlayaraq büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələri üzrə “Milli Xərc Prioritetləri” ilə əlaqələndirilmiş sektor strateji planlarının və bu planlar əsasında həmin bölmələrin ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin timsalında 2021-ci ildən OMXÇ-nin tətbiqinə start verilməlidir. Qaydaya əsasən, hər il fevral ayının 15-dək - OMXÇ-nin hazırlanması prosesinə start verilir, iyun ayının 15-dək isə proses başa çatdırılmalı və ölkə prezidenti OMXÇ sənədini, o cümlədən ortamüddətli resurs zərfini, ortamüddətli büdcə siyasətini və milli xərc prioritetlərini təsdiq etməlidir. 3) Nazirlər Kabinetinin 28 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”. Sənədə görə, strateji planlar büdcə təşkilatlarının qısa və ortamüddətli dövrdə hədəflərini və həmin hədəflərin həyata keçirilməsi üzrə tədbirləri, o cümlədən maliyyələşmə mənbələrini nəzərdə tutan sənəddir. Fəaliyyət planı çərçivəsində müəyyən edilmiş tədbirlərin icrasının həyata keçirilməsi üçün tələb edilən xərclər (insan kapitalı, maliyyə və maddi resurslar) hər bir tədbir üzrə ayrıca sətirdə göstərilməlidir. Azərbaycanda OMXÇ-nin tətbiqi üçün zəruri ilkin şərtlər: -Siyasi dəstək və qərarlılıq; -Peşəkar makroiqtisadi siyasət və etibarlı proqnozlaşdırmanın mövcudluğu; -Proqnozlaşdırma üçün mövcud resursların düzgün qiymətləndirilməsi; -Büdcə siyasətinin prioritet və resursları arasında uzlaşmanın düzgün müəyyən edilməsi; -Prosesdə iştirak edən çoxsaylı nazirlik və agentliklərin informasiya sistemlərinin inteqra-siyası üçün daha etibarlı və əhatəli məlumat bazasının yaradılmas; -Hökumət daxilində effektiv kommunikasiya olması və xərc prioritetlərinin formalaşması üçün effektiv debatların təşkili imkanlarının yaradılması; -Bütün maraqlı tərəflərin prosesdə fəal iştirakçılığının təmin edilməsi; -Proqram əsaslı büdcəyə keçidlə OMXÇ mexanizmlərinin tətbiqi istiqamətində islahatların sinxronlaşdırılması; -OMXÇ-nin büdcə xərclərinin fərqli təsnifatı üzrə daha geniş spektri əhatə etməsi; -Şəffaflıq, büdcə intizamı, büdcə nəzarəti və institusional baza. Azərbaycanda OMXÇ-nin tətbiqi üçün institusional imkanlar:   -Maliyyə Nazirliyi OMXÇ-nin hazırlanması üçün əlaqələndirici orqan olaraq müəyyən edilib, Nazirlik bu vəzifənin öhdəsindən gəlmək üçün təşkilatlanma mərhələsindədir və artıq bu istiqamət üzrə Nazirliyin təkibində ayrıca struktur yaradılıb. -Müəyyən müddət ərzində Nazirlikdə OMXÇ mexanizminin təcrübədə tətbiqi ilə bağlı bilik və bacarıqlar qazanmış kadr resurslarının yaranması nəticəsində sözügedən istiqamətdə islahatların davamlı xarakter alması mümkün ola bilər; -Ölkədə makroiqtisadi siyasətin effektiv koordinasiyasına nail olmaq üçün intensiv fəaliyyət göstərən Maliyyə Sabitliyi Şurası mövcuddur. Şura ölkənin monetar, fiskal və makroiqtisadi tənzimləmə ilə məşğul olan bütün strukturlarını özündə birləşdirən məşvərətçi orqandır, hökumətin makroiqtisadi planlaşdırma və tənzimləmə ilə bağlı qərar qəbulunda əsas söz sahibi olan struktur kimi fəaliyyət göstərir. Azərbaycanda OMXÇ-nin tətbiqi üçün institusional maneələr: -Hökumətin “yuxarıdan aşağı” resurs zərfinin makro səviyyədə müəyyən edilməsi üçün makroiqtisadi proqnozlaşdırma potensialının zəif olması; -“Aşağıdan yuxarıya” cari və ortamüddətli büdcə resurslarının həcminin müəyyən edilməsi üçün büdcə təşkilatlarının peşəkar strateji planlar hazırlamaq təcrübəsinin məhdudluu, bu sahədə peşəkar kadr bazasının hələlik formalaşmaması. -“Aşağıdan yuxarıya” xərclərin ən zəruri ehtiyaclar əsasında müəyyən edilməsi üçün maraq qruplarının ictimai iştirakçılıq mexanizmlərinin məhdudluğu; -Nəticəli büdcə sisteminin tələblərinə uyğun nəticəli proqramlaşdırma təcrübəsinin olmaması. Azərbaycanda OMXÇ-nin tətbiqi üçün hüquqi və institusional maneələrin aradan qaldırılması yolları: (1) Büdcə ehtiyaclarının aşağıdan yuxarı qiymətləndirilməsi və xərclərin prioritetləşməsi büdcə ilə bağlı qanunvericilikdə öz əksini tapmalıdır; (2) OMXÇ bütün büdcə sistemini, o cümlədən, büdcə və büdcədənkənar fondları əhatə etməlidir; (3) Büdcə planlaşdırmasında, ehtiyacların müəyyən edilməsində cari və investisiya büdcəsinin əlaqəli planlaşdırlması təmin edilməlidir; (4) Bütün proqramların dəyəri ortamüddətli dövr üzrə müəyyən edilməlidir. Azərbaycanda OMXÇ-nin effektiv tətbiqi üçün TÖVSİYYƏLƏR 1. Parlament üçün tövsiyyələr: -Büdcə ehtiyaclarının aşağıdan yuxarı qiymətləndirilməsi və xərclərin prioritetləşməsinin orta müddətli çərçivəsinin büdcə ilə bağlı qanunvericilikdə öz əksini tapması üçün “Büdcə sistemi haqqında” Qanun başda olmaqla müvafiq normativ-hüquqi aktlara müəyyən əlavələr edilməlidir. -22 noyabr 2013-cü ildə təsdiq edilən “İctimai iştirakçılıq haqqında” Qanunun “İctimai şuranın hüquqları və vəzifələri” adlı 7-ci maddəsinin 7.1.8-ci bəndini aşağıdakı redaktədə düzəliş edilməsi: “dövlət büdcəsinin layihəsi, ortamüddətli xərclər çərçivəsi sənədi və digər hüquqi aktların layihələrinin ictimai müzakirəsini keçirmək”; -“İctimai iştirakçılıq haqqında” Qanunun “Qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili” adlı 18-ci maddəsinə əsasən qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili Milli Məclisin Aparatı tərəfindən təşkil edilir. -Milli Məclisin Aparatı dövlət büdcəsinin layihəsi və ortamüddətli xərclər çərçivəsi sənədi ilə bağlı bu sənəddən irəli gələn vəzifələrini 2020-ci ildən etibarən icra etməlidir. -“Normativ hüquqi aktlar haqqında” Qanunun 9.2-ci maddəsinə görə normativ hüquqi aktları qəbul etmək səlahiyyətinə malik olan dövlət orqanı və ya normayaratma orqanı olan Mill Məclisin qərarı ilə büdcə qanunu daxil olmaqla istənilən normativ hüquqi aktın layihəsi açıq ictimai və peşəkar müzakirəyə çıxarıla bilər. 2. Nazirlər Kabineti üçün tövsiyyələr: Büdcə təşkilatları üçün strateji planların hazırlanması üçün gərəkli olan strateji hədəfləri müəyyən etmək üçün hökumətin ortamüddətli strategiya sənədi vətəndaş cəmiyyətinin iştirakı ilə hazırlana bilər. 24 avqust 2018-ci il tarixli Prezident Fərmanı ilə təsdiq edilən “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 4.5-ci maddəsi üzrə aşağıdakı redaktədə dəyişiklik təklif edilə bilər: “Aidiyyəti orqanların və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ortamüddətli dövrə proqnoz göstəricilərinin tərtibində və ümumiyyətlə OMXÇ-nin hazırlanmasında iştirak edirlər”. Nazirlər Kabinetinin 28 dekabr 2018-ci il qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası” nın “Strateji planın icrasının qiymətləndirilməsi” adlanan 5-ci maddəsinin sonuna aşağıdakı redaktədə əlavə edilə bilər: “Sektor üzrə strateji hədəf və göstəricilərin, fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi prosesinə vətəndaş cəmiyyəti və müstəqil ekspertlər dəvət edilə bilər”. 3. Maliyyə Nazirliyi üçün tövsiyyələr: OMXÇ bütün büdcə sistemini, o cümlədən, büdcə və büdcədənkənar fondları əhatə etməlidir. Bütün proqramların dəyəri ortamüddətli dövr üzrə müəyyən edilməlidir. Büdcə planlaşdırması və ehtiyacların müəyyən edilməsində cari və investisiya büdcəsi əlaqəli planlaşdırlmalıdır OMXÇ ilə bağlı islahatlar, prosesə məsul qurum kimi güclü və geniş statusa malik Maliyyə Nazirliyi tərəfindən izlənməlidir. Qurumun 3 istiqamətdə potensialının güclü olması çox önəmlidir: (i) OMXÇ-nin əsas parametrlərinin etibarlı şəkildə müəyyən edilməsi və keyfiyyətli proqnozlaşdırlması; (ii) strateji planların və büdcə təkliflərinin peşəkar qiymətləndirilməsi; (iii) nəticə əsaslı büdcənin metodologiyasının hazırlanması və tətbiqi. 22 noyabr 2013-cü ildə təsdiq edilən “İctimai iştirakçılıq haqqında” Qanunda nəzərdə tutulan məşvərətçi qurum kimi Maliyyə Nazirliyi yanında İctimai Şuranın yaradılması prosesi başladılmalıdır. “İctimai iştirakçılıq haqqında” Qanunun 12-ci maddəsinə əsasən büdcə və OMXÇ ilə bağlı ictimai dinləmə və ictimai müzakirə təşəbbüsü ilə çıxış edilməlidir. Dövlət büdcəsi, icmal büdcə və OMXÇ ilə bağlı məlumatlar Maliyyə Nazirliyinin internet səhifəsində deyil, Büdcə İnformasiya Sistemi adlandırıla biləcək ayrıca büdcə portalında verilə bilər.
Следите за нашими новостями:
Есть отзыв?