• Natural Resources for Sustainable Development in Eurasia.


SOCAR-ın dövlət və onun fondu ilə maliyyə münasibətlərinin tənzimlənməsi

03 Январь, 2019 224

Müəllif: Samir Əliyev, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin tədqiqatçısı

Резюме :

Azərbaycanda neft və qaz hasilatı sənayesində dövlətin iştirakı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“SOCAR”) vasitəsilə həyata keçirilir. SOCAR Azərbaycanın ən böyük şirkəti və ən böyük vergi ödəyicisidir. Dövlət büdcəsinin ümumi vergi gəlirlərində SOCAR-ın vergi ödənişlərinin payı 15% təşkil edir. 2018-ci ildə dövlət mülkiyyətində olan vergi ödəyiciləri üzrə daxil olmuş vergi və digər icbari ödənişlərin 75,6%-i bu şirkətin payına düşüb. Dövrü olaraq SOCAR və dövlət arasında maliyyə transferləri həyata keçirilir. Dövlət tərəfindən SOCAR-a maliyyə vəsaitlərinin ayrılması daha çox nizamnamə kapitalı, investisiya və ya kredit ayırmaları şəklində, SOCAR-dan dövlətə isə əsasən vergi və investisiyalar şəklində pul köçürmələri həyata keçirilir. Təsadüfi deyil ki, ən böyük şirkət və vergiödəyici olmağına rəğmən 2018-ci ildə neft şirkəti büdcəyə 1,43 milyard manat ödədiyi halda, həmin il büdcədən daha çox - 1,49 milyard manat geri alıb. Araşdırmada ölkənin ən böyük şirkəti və dövlət mülkiyyətində olan neft şirkətinin üç qurumla – hökumət, Neft Fondu və Mərkəzi Bankla olan maliyyə münasibətləri nəzərdən keçirilir. Həm hökumətin, həm də SOCAR-ın hesabatlarının analizi göstərir ki, bu şirkətlə dövlət arasında ilboyu müxtəlif məqsədlər üçün böyük həcmdə pul köçürmələri həyata keçirilir. Ancaq SOCAR-ın dövlətlə maliyyə münasibətlərini tənzimləyəcək dəqiq və aydın qaydalar sistemi mövcud deyil. Mövcud qaydalar isə ölkə iqtisadiyyatında xüsusi rola malik bir qurumla dövlət arasında xüsusi yanaşmanı özündə əks etdirmir və dövlətlə adi müəssisə ilə olan münasibətlərdən demək olar ki, fərqlənmir. SOCAR ilə dövlət arasında maliyyə transferinə dair xüsusi münasibətləri əks etdirən yeganə sənəd Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli, 534 saylı “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Qərarıdır1. Bu qərar fiskal transfer qaydalarını yox, SOCAR-ın gəlirlər və xərclər smetalarının dövlətin iştirakı ilə tərtibi, təsdiqi və dövlətin nəzarət prosedurlarını tənzimləyir. Təbii Resursların İdarəedilməsi İnstitutu (NRGİ) tərəfindən tərtib edilən Təbii Resursların İdarəedilməsi İndeksinə (RGİ) görə, SOCAR dövlət və şirkəti arasında transfer qaydalarının mövcudluğununa görə 100 mümkün baldan 100 bal toplayıb. İndeksdə SOCAR-la dövlət büdcəsi arasındakı maliyyə münasibətlərinin tənzimləyən qayda olaraq Nazirlər Kabinetinin qəbul etdiyi “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Qərar istinad edilir. Ölkədə bütün səviyyələrdə büdcə münasibətlərini tənzimləyən “Büdcə sistemi haqqında” Qanunda dövlət şirkətləri ilə dövlət büdcəsi arasındakı maliyyə münasibətlərini tənzimləyən müddəalar yoxdur. Vergi Məcəlləsində2 dövlət şirkətlərinə münasibətdə fərqli vergi rejimi müəyyən edilməyib. Yeganə olaraq Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) iştirak edən və Ələt iqtisadi zonasında vergitutma və vergi nəzarəti, vergi azadolmaları və güzəştləri ilə bağlı məsələlər bu Məcəllə ilə tənimlənmir. Məsələn, AÇG HPBS üzrə hasil edilmiş xam neftin və Şah Dəniz HPBS üzrə hasil edilmiş kondensatın satışından yaranan gəlirlərdən göstərilən aksiz və qiymət marjası üzrə vergilər tutulmur. Araşdırmada həmçinin SOCAR-ın Dövlət Neft Fondu və Mərkəzi Bankla da maliyyə münasibətlərinə nəzər salınır. Neft Fondunun əsas donoru olan SOCAR xaricdən maliyyə resursu cəlb etmək üçün Fondun vəsaitlərinə üz tutmalı olur. Neft Fondu SOCAR-ın fəaliyyətinin maliyyələşməsində yaxından iştirak edib. Bu maliyyələşmə bir qayda olaraq SOCAR-ın ayrıca fəaliyyətinin maliyyələşməsindən və şirkətin iştirak etdiyi layihələrdə tərəfdaş qismində iştirak çərçivəsində maliyyə dəstəyi verməsindən ibarətdir. Maliyyə Nazirliyi və Dövlət Neft Fondundan fərqli olaraq Mərkəzi Bankla SOCAR arasında maliyyə köçürmələri təcrübəsi geniş yayılmayıb. Mərkəzi Bankın rəsmi sorğumuza verdiyi cavaba görə, Mərkəzi Bank SOCAR-a 2009-cu ildə 750 milyon manat və 2014-cü ildə 472 milyon manat olmaqla cəmisi 2 dəfə məqsədli kredit (cəmi 1,222 milyon manat) ayırıb. Bu vəsaitlər Nazirlər Kabinetinin müvafiq sərəncamlarında müəyyən edilmiş müvəkkil banklar vasitəsilə ayrılıb və hazırda Mərkəzi Banka tam həcmdə geri qaytarılıb. Tədqiqat nəticəsində SOCAR-ın dövlət büdcəsi, habelə Dövlət Neft Fondu və Mərkəzi Bankla maliyyə münasibətlərinin mövcud vəziyyəti aşağıdakı nəticələr ortaya çıxardı: -SOCAR-ın büdcədən aldığı maliyyə resursları onun büdcəyə verdiyi ödənişləri ötüb keçir; - Şirkətlə dövlət büdcəsi arasında pul köçürmələrinin hüquqi əsası birdəfəlik qərarlara əsaslanır; - Şirkətlə dövlət büdcəsi arasında pul köçürmələri barədə məlumatlar sistemsiz xarakter daşıyır; - Hesabatlarında korporativ idarəetmə sistemlərini tətbiq etdiyini daim vurğulayan Şirkət korporativ idarəetmə standartlarına uyğun gəlməyən idarəetməyə malikdir. Bütün bunları nəzərə alaraq SOCAR-la dövlər arasında maliyyə münasibətlərinin səmərəliliyinin artırılması, şəffaflığa və hesabatlılığa nail olmaq üçün aşağıdakı addımların atılması məqsədəuyğun olardı: 1. SOCAR ilə dövlət arasında maliyyə axınlarını tənzimləyən müvafiq normativlər və qaydaların qəbulu 1.1. “Büdcə sistemi haqqında” Qanunda dövlət büdcəsi ilə dövlət şirkətləri arasında büdcə transferlərini tənzimləyən müddəaların daxil edilməsi 1.2. Vergi Məcələsində mədən sənayesində işləyən şirkətlər, o cümlədən dövlət şirkətləri üçün ayrıca vergi rejiminin, vergi nəzarəi sisteminin daxil edilməsi. 2. Dövlət büdcəsi ilə şirkər arasındakı pul köçürmələri ilə bağlı məlumatların ictimaiyyətə dövri olaraq açıqlanması üçün şəffaflıq və hesabatlılıq öhdəliklərinin dəqiq və aydın çərçivələrini müəyyənləşdirən dəyişikliklər edilməsi 2.1. 2020-2022-ci illəri əhatə edən “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nında hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin, o cümlədən SOCAR- ın şəffaflığı və hesabatlılığı qeyd edilməlidir 2.2. “İnformasiya əldə etmək haqqında” Qanuna dəyişiklik edilərək SOCAR-ın informasiya sahibləri kateqoriyasına daxil edilməsi (Maddə 9) və şirkətin fəaliyyəti ilə bağlı maliyyə və əməliyyat məlumatları açıqlanması zəruri olan informasiyalar siyahısına daxil edilməlidir (Maddə 29) 3. Hesablama Palatası tərəfindən dövlət şirkətlərində, o cümlədən SOCAR-da aparılmış audit yoxlamasının hesabatının internet saytında yerləşdirilməsi və ictimaiyyətə açıqlanması 4. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən dövlət əsaslı vəsait qoyuluşunun bölgüsü ilə bağlı hər il təsdiq edilən Qərarının ictimaiyyətə açıqlanması üçün e-qanun.az saytında yerləşdirilməsi 5. SOCAR-ın fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi üçün Şirkətin təşkilati- hüquqi formasının mövcud “dövlət müəssisəsi” statusundan təsərrüfat cəmiyyəti forması olan və səhmləri dövlətə məxsus səhmdar cəmiyyəti statusuna keçidinin təmin edilməsi. Şirkətin əsas səhmdarı qismində İqtisadiyyat Nazirliyi və ya Energetika Nazirliyi çıxış edə bilər. 6. Şirkətin korporativ idarəetmə standartlarını tətbiq eiməsi. Bunun üçün Nizamnaməyə dəyişikliklər edilərək idarəetmə strukturu dəyişilməli, hazırda fəaliyyətdə olan Şirkət Şurası ləğv edlməlidir. Əvəzində ölkə prezidenti tərəfindən təyin edilən strateji idarəçiliyə cavabdeh Müşahidə Şurası (və ya Direktorlar Şurası) yaradılmalıdır. Müşahidə Şurasının (və ya Direktorlar Şurası) isə icraçı qurumun – İdarə Heyətinin və Nəzarət-Təftiş (Audit) Komitəsinin rəhbər və işçilərini təyin edir. 7. SOCAR-ın bilavasitə onun funksiyalarına aid olmayan istiqamətlər üzrə dövlət proqramlarında iştirakı hallarını, belə layihələrin icrasında Şirkətin iştirakı qaydalarını işləyib təsdiq edilməsi; 8. Şirkətin illik hesabatlarında onun bütün sosial fəaliyyətləri üzrə, habelə idman sahəsində bütün fəaliyyətləri üzrə illik xərclərini əks etdirilməsi

Следите за нашими новостями:
Есть отзыв?